BAKI, 5 sentyabr. TELEQRAF
“ABŞ ilə İran arasında Hörmüz boğazında yaşanan gərginliyin və bunun dünya ticarətinə təsirlərinin davam etdiyi vaxtda Livan limanlarının əhəmiyyəti artır”.
Teleqraf xəbər verir ki, bunu Livanın nəqliyyat naziri Fayiz Rəsamni deyib.
O bildirib ki, bu limanların inkişaf etdirilməsi və onların Türkiyə, Suriya və Körfəzin regional nəqliyyat şəbəkələrinə birləşdirilməsi Livanın ticarət rolunu artıracaq fürsətdir.
Livanlı nazir limanları inkişaf etdirməklə yanaşı, Bəsrə körfəzi, İraq və Türkiyəyə qədər uzanan regional şəbəkəyə çıxış əldə etmək məqsədilə Suriya ilə dəmir yolu üzərində çalışdıqlarını da açıqlayıb:
“Dəmir yolu xətlərinin yenidən istismara verilməsi ilə yalnız Livan və Suriyanı bir-birinə bağlamağı deyil, Livan limanlarını regional şəbəkələr vasitəsilə Körfəz, İraq və Türkiyə bazarları ilə əlaqələndirməyi hədəfləyirik”.
Rəsamni qeyd edib ki, Türkiyənin Avropa, Körfəz və Suriyaya yaxınlığı və inkişaf etmiş dəmir yolu şəbəkəsinin olması səbəbindən çox böyük rolu var.
Livanın nəqliyyat naziri Türkiyədən dəvət aldığını, layihəni və digər məsələləri müzakirə etmək üçün yaxın vaxtlarda Ankaraya gedəcəyini bəyan edib.