BAKI, 7 sentyabr. TELEQRAF

İngiltərənin cənubundakı Portsmut şəhərində qanunsuz miqrasiyaya qarşı keçirilən etiraz aksiyası polislə toqquşmalarla nəticələnib.

Teleqraf xəbər verir ki, bu barədə “The Daily Telegraph” məlumat yayıb.

Sentyabrın 6-da La-Manş boğazında Britaniya hakimiyyəti tərəfindən saxlanılan qayıqdakı qanunsuz miqrantlar Portsmuta gətirilib. Bundan sonra Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin bazasının yerləşdiyi liman şəhərində kortəbii etirazlar başlayıb.

Aksiyaya təxminən 500 nəfər qatılıb. Etirazçılar miqrantların olduğu ehtimal edilən limana gedən yolları bağlayıblar. Polis etirazçıları dağıtmaq üçün bibər qazından istifadə edib, lakin nümayişçilərin bir qismi kiçik gəmilər üçün nəzərdə tutulan dayanacağın ərazisinə daxil ola bilib.

Miqrantların Portsmutdan Manstonda yerləşən miqrantların saxlanma mərkəzinə aparılacağı gözlənilir.

Bundan əvvəl “Sky News” La-Manş boğazında 140 qanunsuz miqrantın olduğu qayığın Britaniya hakimiyyəti tərəfindən saxlanıldığını bildirmişdi. Qayıq Fransanın Normandiya bölgəsindən İngiltərənin Hempşir qraflığı sahillərinə doğru hərəkət edirdi.