BAKI, 6 sentyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşner Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunmayacağı təqdirdə Vaşinqtonun Rusiyaya qarşı sanksiyaları sərtləşdirib-sərtləşdirməyəcəyinə dair suala birbaşa cavab verməyib.
Teleqraf xəbər verir ki, Kuşner bunu Ukrayna Prezidenti Volodimir Zelenski ilə Kiyevdə keçirilən görüşün yekunlarına dair mətbuat konfransında deyib.
Kuşner bildirib ki, dünyada “əbədi düşmənlər və ya əbədi müttəfiqlər” anlayışı yoxdur. Onun sözlərinə görə, Tramp Ukrayna münaqişəsinə mümkün nəticənin və bütün tərəflərin maraqlarının prizmasından yanaşır.
ABŞ prezidentinin kürəkəni qeyd edib ki, müharibədən bütün tərəflər itirir, sülh və biznes isə qarşılıqlı fayda yarada bilər. Kuşnerin sözlərinə görə, onun və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun əsas vəzifəsi sülhə nail olmağa çalışmaqdır.
Kuşner Ukrayna münaqişəsinin həllini Vaşinqton üçün “son dərəcə vacib və nəcib” vəzifə adlandırıb və ABŞ-nin bu istiqamətdə səylərini davam etdirəcəyini bildirib.