BAKI, 4 sentyabr. TELEQRAF

Ərəb Dövlətləri Liqasının Baş Katibliyi İranın Küveytə hücumunu pisləyərək, ərəb ölkələrinin ərazilərinin bundan sonra da hədəfə alınmasının təhlükəli nəticələri barədə xəbərdarlıq edib.

Teleqraf xəbər verir ki, bəyanatda bu hücumların gərginliyin artmasına və regionda qarşıdurmaların qarşısının alınması istiqamətində səylərin zəifləməsinə səbəb ola biləcəyi deyilibş

Qurum ölkələrin suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə qarşı təcavüzün davam etdirilməsini qəti şəkildə rədd etdiyini vurğulayıb.

Ərəb Dövlətləri Liqasının Baş Katibliyi Küveytlə tam həmrəy olduğunu və bu ölkənin təhlükəsizliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün həyata keçirdiyi tədbirləri dəstəklədiyini bildirib.

Qurum bir daha hərbi qarşıdurmaların və münaqişələrin ərəb ölkələrinin ərazilərinə yayılmasına, əhalinin, obyektlərin və resursların təhlükə altına düşməsinə qarşı olduğunu bəyan edib.

Ərəb Dövlətləri Liqasının Baş Katibliyi sonda bu hücumların dərhal dayandırılmasına, ərəb ölkələrinin suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsinə, beynəlxalq hüquq normalarına və BMT Nizamnaməsinə əməl olunmasına çağırıb.