BAKI, 5 sentyabr. TELEQRAF
İsrail Müdafiə Qüvvələri “Hizbullah” terror təşkilatının razılaşmanı pozmasına cavab olaraq, onun canlı qüvvə və silahlarının saxlanıldığı obyektlərə zərbə endirib.
Teleqraf xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.
Açıqlamaya görə, bu obyektlər İsrail hərbçilərinə və mülki əhaliyə qarşı hücumlar üçün istifadə edilib. Hücumların “təhlükənin təcili aradan qaldırılması” məqsədilə həyata keçirildiyi bildirilib.
Qeyd olunub ki, zərbələr “Hizbullah”ın Livanın cənubunda İsrail qüvvələrinə hücum cəhdinə cavab olaraq endirilib. “Hizbullah” bu cəhd zamanı İsrail ordusunun mövqeyi istiqamətinə bir dron buraxıb.