BAKI, 8 mart. TELEQRAF

ABŞ administrasiyası Fars körfəzində yerləşən və İran üçün strateji əhəmiyyət kəsb edən Xark adası üzərində nəzarəti təmin etmək imkanlarını nəzərdən keçirir.

Teleqraf xəbər verir ki, bu barədə "Axios" portalı öz mənbələrinə istinadən məlumat yayıb.

Portal Xark adasını regionun ən kritik nöqtələrindən biri kimi xarakterizə edir. Qeyd olunur ki, İranın neft ixracının təxminən 90%-i məhz bu adada yerləşən terminal vasitəsilə həyata keçirilir. Analoji müzakirələr barədə daha əvvəl "The Washington Post" qəzeti də məlumat yaymışdı.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb. Ağ Ev bu hücumları Tehrandan gələn raket və nüvə təhdidləri ilə əsaslandırıb. Əməliyyat çərçivəsində İranın ən böyük şəhərləri, o cümlədən paytaxt Tehran ağır zərbələrə məruz qalıb.