BAKI, 8 mart. TELEQRAF

Bu gün səhər saatlarında İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri ABŞ-nin Küveytin şimalında yerləşən "Əl-Üdeiri" helikopter bazasına qarşı genişmiqyaslı hərbi əməliyyat keçirib.

Teleqraf xəbər verir ki, bu barədə SEPAH-ın mətbuat xidməti rəsmi məlumat yayıb.

Məlumata görə, pilotsuz uçuş aparatları (PUA) və ballistik raketlərin tətbiq olunduğu kombinə edilmiş hücum nəticəsində bazanın strateji obyektləri dəqiqliklə hədəfə alınıb. SEPAH-ın raket bölmələri bazadakı helikopterlərin hazırlıq və təmir mərkəzlərini, helikopter və təyyarələr üçün nəzərdə tutulan yanacaq çənlərini, həmçinin bazanın komandanlıq binasını darmadağın edib.

Bildirilir ki, raket zərbələrindən sonra hərbi bazanın ərazisində dəhşətli yanğın başlayıb. Hazırda bazadan yüksələn qatı qara tüstü dumanı uzaq məsafələrdən aydın şəkildə müşahidə olunur.

Hücum nəticəsində yaranan itkilər və dağıntıların miqyası barədə hələlik əlavə məlumat verilməyib.