BAKI, 1 iyul. TELEQRAF

NATO-nun Baş katibi Mark Rütte ABŞ-nin İrana qarşı hərbi əməliyyatı zamanı Avropadakı hərbi bazalardan təxminən 5 min uçuş həyata keçirdiyini bildirib.

Teleqraf xəbər verir ki, o, bu barədə “Financial Times” nəşrinə müsahibəsində danışıb.

Rüttenin sözlərinə görə, bu göstərici Avropa ölkələrinin hələ də Vaşinqton üçün mühüm hərbi müttəfiq olduğunu nümayiş etdirir.

“Ümumi mənzərəyə baxdıqda görürük ki, Avropa ölkələri öz öhdəliklərini yerinə yetirirlər. Bunun nəticəsində ABŞ-yə məxsus 4 min, hətta bəlkə də 5 minə yaxın uçuş Avropadakı hava bazalarından həyata keçirilib və bu uçuşlar “Epik Qəzəb” əməliyyatına dəstək məqsədi daşıyıb”, - NATO rəhbəri deyib.

O əlavə edib ki, Avropa yenidən ABŞ-nin hərbi gücünün müxtəlif bölgələrə proyeksiya edilməsi üçün əsas platformalardan birinə çevrilib.

Bununla yanaşı, Rütte ABŞ-də bəzi hallarda Avropa ölkələrinin ikitərəfli razılaşmaları tam yerinə yetirməməsi ilə bağlı narazılıqların olduğunu da etiraf edib. Bununla belə, o, ümumi mənzərənin müsbət olduğunu vurğulayıb.

NATO Baş katibi qeyd edib ki, Avropanın yenidən silahlanma proqramı çərçivəsində ABŞ müdafiə sənayesi 300 milyard dollarlıq sifariş alıb və bu, 195 min əməkdaşın işlə təmin olunmasına imkan yaradıb.