BAKI, 6 noyabr. TELEQRAF

Azərbaycanda ilk dəfə həyata keçirilən tarixi ürək transplantasiyası əməliyyatının icraçısı, Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin fəxri sədri Kamran Musayev dünyasını dəyişən xəstənin ölüm səbəbi ilə bağlı vacib məqamlara aydınlıq gətirib.

Teleqraf xəbər verir ki, o bu barədə "Ürək Transplantasiyası Həftəsi" çərçivəsində Səhiyyə Nazirliyinin media nümayəndələri üçün təşkil etdiyi maarifləndirici seminarda deyib.

O bildirib ki, vəfat edən pasiyent ölümdən cəmi bir həftə əvvəl klinikada müayinədən keçib və həmin vaxt onun tibbi göstəricilərində hər hansı bir fəaliyyət pozuntusu aşkarlanmayıb.

“Xəstənin ölüm səbəbini bu gün etibarilə həkim və xəstəxana mütəxəssisi kimi dəqiq deyə bilmirik. Çünki təəssüf ki, autopsiya yəni meyitin yarılması olmayıb, ona görə də onun rəsmi nəticələri əlimizdə yoxdur”,- deyə cərrah qeyd edib.

Ürək çatışmazlığından əziyyət çəkən son mərhələdəki xəstələrə yaşamaq üçün yeni bir şans verdiklərini vurğulayan K.Musayev, bu növ əməliyyatların mürəkkəbliyinə diqqət çəkib.

O bildirib ki, bu kateqoriyadan olan pasiyentlərdə həm erkən, həm orta, həm də uzaq dövrdə müəyyən problemlər yarana bilər. "Ürək köçürülməsi hər şeyin bitdiyi anlamına gəlmir və həkimlər bu xəstələri əməliyyatdan sonra da ömür boyu, yaşadıqları müddətdə yaxından təqib edirlər".

Qeyd edək ki, ölkədə 2025-ci ildə meyit donorundan ürək köçürülən ilk pasiyent Rəşad Məmmədəliyev bu il oktyabr 13-də növbəti həkim müayinəsinə gələrkən yolda qəflətən vəziyyəti pisləşərək vəfat edib.