BAKI, 6 noyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatların yenidən başlanması ehtimalını istisna etməyib.
Teleqraf xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.
ABŞ lideri bildirib ki, Vaşinqton İranla münaqişədə əldə etdiyi nəticələri möhkəmləndirmək üçün növbəti addımları nəzərdən keçirir.
“Biz artıq yeddi aydır İrandayıq və nəzarət etmək istədiyimiz hər şeyə nəzarət edirik. İndi qərar verməliyik ki, daha irəli gedərək əldə etdiyimiz nəticələri möhkəmləndirmək, yəni belə bir vəziyyətin bir daha təkrarlanmayacağına zəmanət vermək istəyirikmi?” – Tramp deyib.
Onun sözlərinə görə, İranın bərpası 25 il çəkə bilər.
“Mümkünsə, ölkənin qalan hissəsini dağıtmaq istəməzdim. Amma ola bilsin ki, bunu etməli olacağam. Tezliklə hər şeyi biləcəksiniz”, – ABŞ Prezidenti vurğulayıb.
“Axios” nəşrinin məlumatına görə, Vaşinqton administrasiyası İranla münaqişənin həlli üçün üç variantı nəzərdən keçirir: Tehranı ABŞ üçün əlverişli razılaşmaya məcbur etmək, hərbi əməliyyatları bərpa etmək və ya sülh sazişi imzalamaq.
Bildirilir ki, ABŞ Silahlı Qüvvələri İrana qarşı mümkün genişmiqyaslı hərbi əməliyyatlara hazırlığı yekunlaşdırmaq üzrədir. Bu çərçivədə regionda Amerika hərbi qüvvələrinin artırılması da nəzərdə tutulur.
Eyni zamanda, Qətər vasitəçiləri Vaşinqton və Tehranın sülh sazişi layihəsini təsdiqləməsinə çalışırlar. Vasitəçilər yaxın günlərdə birbaşa danışıqların bərpa olunacağına ümid edirlər.