BAKI, 6 noyabr. TELEQRAF
ABŞ-də keçirilən aralıq seçkilərdə Demokratlar Partiyasının Konqresin hər iki palatasında üstünlük qazanması Yaxın Şərqdə sülhün təmin olunacağına zəmanət vermir.
Teleqraf xəbər verir ki, bunu İraqın xarici işlər naziri Fuad Hüseyn “Al Hadath” telekanalına açıqlamasında bildirib.
“Demokratların ABŞ Konqresinə nəzarəti ələ keçirməsi regionda müharibənin olmayacağına zəmanət deyil. ABŞ və İran arasında hərbi əməliyyatların yenidən başlanması kifayət qədər real ssenaridir və bu, heç kimə sirr deyil”, – nazir vurğulayıb.
Fuad Hüseyn bildirib ki, Bağdad ölkənin yenidən hərbi münaqişəyə cəlb olunmasının qarşısını almaq üçün bütün imkanlarından istifadə edəcək.
Onun sözlərinə görə, İraqın hərbi əməliyyatlarda iştirakı ölkə üçün fəlakətli nəticələr doğura və onu çıxılmaz vəziyyətə sala bilər.
Qeyd edək ki, “Axios” nəşrinin məlumatına görə, Vaşinqton İranla münaqişənin həlli üçün üç variantı nəzərdən keçirir: Tehranı ABŞ üçün əlverişli razılaşmaya məcbur etmək, hərbi əməliyyatları bərpa etmək və ya sülh sazişi imzalamaq.
Nəşr bildirir ki, ABŞ Silahlı Qüvvələri İrana qarşı mümkün genişmiqyaslı hərbi əməliyyatlara hazırlığı yekunlaşdırır və regiondakı hərbi mövcudluğunu gücləndirir.
Eyni zamanda, Qətər vasitəçiləri ABŞ və İranın sülh sazişi layihəsini təsdiqləməsinə nail olmağa çalışırlar. Yaxın günlərdə tərəflər arasında birbaşa danışıqların bərpasına ümid edilir.