BAKI, 6 noyabr. TELEQRAF

I Liqanın VII turunda baş tutmayan “Mingəçevir” – “Şahdağ Qusar” oyunu ilə bağlı qərar verilib.

Teleqraf xəbər verir ki, AFFA İntizam Komitəsinin iclasında qarşılaşmanın “Mingəçevir” komandasının meydana çıxmaması səbəbindən keçirilmədiyi bildirilib.

Qərara əsasən, “Mingəçevir”ə 0:3 hesablı texniki məğlubiyyət verilib və komanda 3000 manat cərimələnib.

Bundan başqa, turun digər oyunları ilə bağlı da cəza qərarları qəbul edilib.

“Baku Sportinq” – “Xankəndi” matçında 4 futbolçusu sarı vərəqə alan “Xankəndi” 210 manat cərimələnib.

“Zaqatala” – MOİK görüşündə xərəkdaşıyanlar olmadığına görə meydan sahibləri 600 manat cərimə ödəyəcək.

“Səbail” – “Gəncəbasar” oyununda təşkilati-texniki öhdəliklər pozulduğuna görə “Səbail”ə 300 manat cərimə tətbiq edilib.