BAKI, 6 noyabr. TELEQRAF
ABŞ-nin müdafiə naziri Pit Heqset Konqres üzvlərinin onun vəzifədən uzaqlaşdırılmasına nail ola bilməyəcəklərini bildirib.
Teleqraf xəbər verir ki, Heqset bu barədə “X” sosial şəbəkəsində yayımlanan videomüraciətində danışıb.
“Məğlubiyyətə uğramış, narazı bir konqresmen demokrat müttəfiqləri ilə birlikdə mənə qarşı impiçment təşəbbüsü irəli sürüb. Onlar vaxtilə Prezident Donald Trampa qarşı da iki dəfə eyni addımı atmışdılar”, – nazir bildirib.
Heqset siyasi rəqiblərini ona qarşı şəxsi nüfuzdan salma kampaniyası aparmaqda ittiham edib.
“Bu siyasət Trampa qarşı nəticə vermədi, mənə qarşı da verməyəcək. Buna əmin ola bilərsiniz”, – o vurğulayıb.
Qeyd edək ki, Kentukki ştatından respublikaçı konqresmen Tomas Massi daha əvvəl Heqsetin impiçmentinə dair qətnamə layihəsini Konqresin müzakirəsinə çıxarmağa hazır olduğunu açıqlayıb.
Bir sıra demokrat və respublikaçı qanunvericilər Pentaqon rəhbərinin ABŞ ilə İran arasındakı münaqişə zamanı fəaliyyətindən narazılıqlarını ifadə ediblər.
Tramp isə dəfələrlə Heqseti vəzifədən uzaqlaşdırmaq niyyətində olmadığını, onun işini qənaətbəxş hesab etdiyini bildirib.
Bununla belə, “CBS News” telekanalı mənbələrinə istinadən ABŞ Prezidentinin müşavirləri ilə Heqsetin mümkün istefasını müzakirə etdiyini xəbər verib.