BAKI, 6 noyabr. TELEQRAF
Fransa Prezidenti Emmanuel Makrona ictimai etimad tarixi minimuma enərək onun sələfi Fransua Ollandın dövründə qeydə alınmış antirekordu da geridə qoyub.
Teleqraf xəbər verir ki, bu barədə Fransanın “Les Echos” nəşri “Elabe” şirkətinin keçirdiyi ictimai rəy sorğusunun nəticələrinə istinadən məlumat yayıb.
Noyabrın 3-4-də min nəfər arasında aparılan sorğuya əsasən, respondentlərin cəmi 13 faizi Makrona etimad göstərdiyini bildirib. Bu göstərici 2016-cı ilin noyabrında Fransua Ollanda qeydə alınmış 14 faizlik etimad səviyyəsindən də aşağıdır.
Sorğuda iştirak edənlərin 82 faizi Makrona etimad göstərmədiyini, 60 faizi isə prezidentə ümumiyyətlə inanmadığını bildirib.
Nəşr xatırladır ki, Olland ictimai narazılığın artması fonunda ikinci müddətə namizədliyini irəli sürməkdən imtina etmişdi. Makron isə artıq ikinci beşillik prezidentlik müddətini başa vurmaq üzrədir və qanunvericiliyə əsasən, ardıcıl üçüncü dəfə prezident seçilə bilməz.
Məqalədə bildirilir ki, etimad böhranı sentyabrın sonlarından ölkə boyu davam edən həmkarlar ittifaqları və məktəblilərin etiraz aksiyaları fonunda dərinləşib. Oktyabrın 17-də baş verən iğtişaşlardan sonra Makronun televiziya müraciətinin də ictimai narazılığı azaltmadığı qeyd olunur.
“Elabe” şirkətinin rəhbəri Bernar Sananes bildirib ki, fransızlar artıq Makrondan müsbət dəyişiklik gözləmirlər.
“Fransızlar üçün onun prezidentlik dövrü artıq başa çatıb. Onlar Makrondan heç nə gözləmir, ardıcıl uğursuzluqlarını görürlər. Etimadsızlıq onun idarəçiliyinin nəticələri, qiymət artımı və sadə vətəndaşların gündəlik həyatından uzaq düşməsi ilə bağlıdır. Bu narazılıq getdikcə güclənir”, – Sananes vurğulayıb.