BAKI, 6 noyabr. TELEQRAF

Ermənistanın iqtisadiyyat naziri Gevorg Papoyan Rusiyanın ölkəsinə tətbiq etdiyi məhdudiyyətləri əsassız hesab edir.

Teleqraf xəbər verir ki, bu barədə o, parlamentdə çıxışı zamanı bildirib.

“Erməni istehsalçıların Rusiya bazarına çıxışları əsassız şəkildə məhdudlaşdırılarkən, Ermənistandakı bəzi siyasi qüvvələrin cəmi bir neçə faiz səs toplaması və parlamentə düşməsi planlaşdırılmamışdı. Ermənistana qarşı tətbiq edilən sanksiyalar yüz minlərlə kənd sakinini, yəni 400 000 nəfəri küçələrə çıxarmaq məqsədi daşıyırdı. Amma 400 000 əvəzinə 400 nəfər küçələrə çıxdı. Bu, hökumətin düzgün işi sayəsində baş verdi. Hesab edirik ki, əsassız məhdudiyyətlər mümkün qədər tez aradan qaldırılmalıdır”, - Papoyan deyib.

Nazirin sözlərinə görə, bu məhdudiyyətlər nəticəsində cəmi 60 milyon dollarlıq bazar itirilib, iqtisadiyyatın bir çox digər sektorlarında isə artım müşahidə olunur və ixracda itkilər kompensasiya edilir: “Məhz buna görə də Ermənistan bu il də çox yüksək artıma malikdir, çox güman ki, 2026-cı ilin nəticələrinə görə Avropa regionunda ikinci ən yüksək iqtisadi artıma sahib olacağıq”.