BAKI, 6 noyabr. TELEQRAF
Kuba ABŞ-nin yeni sanksiyalarına baxmayaraq, müstəqilliyini və suverenliyini müdafiə etməkdə davam edəcək.
Teleqraf xəbər verir ki, bunu Kubanın xarici işlər naziri Bruno Rodriqes Parrilya “X” sosial şəbəkəsindəki paylaşımında bildirib.
“ABŞ hökuməti öz vətəndaşlarının səsinə qulaq asmaq əvəzinə, Kubaya qarşı yeni blokada tədbirləri elan edir. Məqsəd iqtisadiyyatımızı boğmaq və xalqımıza maksimum zərər vurmaqdır. Bizi öz iradələrinə tabe etdirmək cəhdləri bundan sonra da uğursuzluğa düçar olacaq. Biz müstəqilliyimizi və suverenliyimizi qətiyyətlə müdafiə edəcəyik”, – nazir vurğulayıb.
Rodriqes Parrilyanın sözlərinə görə, son 10 ay ərzində Kuba ABŞ-ın iqtisadi blokadasının görünməmiş dərəcədə sərtləşməsi, enerji embarqosu və ölkə ilə ticarət əlaqələri saxlayan fiziki və hüquqi şəxslərə qarşı ikinci dərəcəli sanksiyalarla üzləşib.
Nazir Vaşinqtonun bu siyasətini Kuba xalqına qarşı kollektiv cəzalandırma kimi qiymətləndirib.
Qeyd edək ki, ABŞ administrasiyası noyabrın 5-də Kubanın istehsalat, texnologiya, elektronika və dənizçilik sektorları ilə əlaqəli şəxslərə və şirkətlərə qarşı yeni sanksiyalar tətbiq edib.
ABŞ dövlət katibi Marko Rubio məhdudiyyətlərin Kuba rəhbərliyinə yaxın şəxsləri, neft daşımalarında iştirak etdiyi iddia olunan subyektləri və Çində yerləşən hərbi təchizatçıları hədəf aldığını bildirib.
Sanksiya siyahısına səkkiz təşkilat, iki fiziki şəxs və beş gəmi daxil edilib.
Bundan əvvəl Kuba Prezidenti Migel Dias-Kanel ölkədə “Monkada-2026” adlı strateji təlimlərin keçirildiyini açıqlayıb. O bildirib ki, mümkün təcavüzə qarşı silahlı qüvvələrin, ərazi müdafiə sisteminin və iqtisadiyyatın hazırlıq səviyyəsi artırılır.