BAKI, 6 noyabr. TELEQRAF
Ukraynanın paytaxtı Kiyevin elektrik enerjisinə olan tələbatını generatorlar hesabına tam ödəmək mümkün deyil.
Teleqraf xəbər verir ki, bunu Kiyev meri Vitali Kliçko “Suspilne Novini” nəşrinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, şəhərin elektrik enerjisinə tələbatı 2 giqavat təşkil edir və bu həcmdə enerjini generatorlarla təmin etmək mümkün deyil.
“Bir çoxları generatorların mərkəzləşdirilmiş elektrik təchizatını əvəz edə biləcəyini düşünür. Lakin generatorlar daimi işləyə bilmir, texniki xidmət tələb edir və yanacağın qiymətini nəzərə alsaq, onların istehsal etdiyi elektrik enerjisi olduqca baha başa gəlir”, – Kliçko bildirib.
Mer qeyd edib ki, şəhərdəki xəstəxanalar, məktəblər, mühüm sosial obyektlər, eləcə də su təchizatı və kanalizasiya sistemləri generatorlarla təmin olunub.
“Kanalizasiya sisteminin fəaliyyəti tam təmin edilib. Dekabradək su təchizatı obyektlərində əlavə generatorlar quraşdıracağıq”, – o vurğulayıb.
Kliçkonun sözlərinə görə, Kiyevin əsas problemlərindən biri ictimai nəqliyyatın, xüsusilə metropolitenin fəaliyyətində yaranan fasilələrdir. Elektrik enerjisinin verilişindəki məhdudiyyətlər və Cənub körpüsünün infrastrukturunun zədələnməsi metronun normal işləməsinə mane olur.
“Metro, tramvay və trolleybusların hamısını ehtiyat enerji mənbələri ilə təmin edə bilmirik. Bütün nəqliyyat sistemini generatorlarla işlətmək mümkün deyil. Avtobusların sayını nə qədər artırsaq da, onlar metronu əvəz edə bilməz. Metro şəhərin həyatını təmin edən əsas nəqliyyat arteriyasıdır”, – Kiyev meri əlavə edib.