BAKI, 6 noyabr. TELEQRAF

Gecikdirilmiş vergi borclarına görə hesablanan dəbbə pulunun (penyanın) məbləğinin azaldılması nəzərdə tutulur.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətinin (DVX) Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov Milli Məclisdə keçirilən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

O bildirib ki, hər gecikdirilmiş gün üçün hesablanan 0,1%-lik penyanın 0,05%-ə, yəni iki dəfə azaldılması hədəflənir:

“Bununla da vergi öhdəliklərini vaxtında yerinə yetirmək və borclarını ödəmək istəyən vergi ödəyiciləri üçün əlavə imkan yaradılacaq.

Kapital bazarlarının inkişafı da cari dövr üçün vergi siyasətinin əsas hədəflərindən biri olaraq qalır. Belə ki, kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlərin satışından əldə olunan gəlirlər növbəti beş il ərzində 50% həcmində vergidən azad ediləcək. Bu isə 14%-lik vergi dərəcəsinin effektiv olaraq 7%-ə enməsi deməkdir”.