BAKI, 6 noyabr. TELEQRAF

Ermənistan gələn həftə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) səsvermə hüququndan məhrum edilə bilər.

Teleqraf xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin bildirib.

Onun sözlərinə görə, Ermənistan iki ildən artıqdır təşkilata üzvlük haqqını ödəmir və bu səbəbdən ölkənin səsvermə hüququnun müvəqqəti dayandırılması məsələsi gündəmə gətirilə bilər.

“Ermənistan iki ildən çoxdur üzvlük haqqını ödəmir. Buna görə də ödənişlər həyata keçirilənədək onun üzvlüyünün müvəqqəti dayandırılması, daha dəqiq desək, səsvermə hüququndan məhrum edilməsi məsələsinə baxıla bilər. Bu, təşkilatın nizamnaməsində nəzərdə tutulan sırf texniki prosedurdur”, – Pankin bildirib.

Rusiya XİN rəhbərinin müavini qeyd edib ki, yekun qərar müvafiq siyasi rəhbərliyin mövqeyindən asılı olacaq.

O, noyabrın 11-də Moskvada keçiriləcək KTMT Kollektiv Təhlükəsizlik Şurasının iclasında Ermənistan məsələsinin müzakirəyə çıxarılacağını istisna etməyib.

“Düşünürəm ki, bu məsələ müzakirə olunacaq. Lakin hər şey digər iştirakçıların buna razılıq verib-verməyəcəyindən asılıdır”, – diplomat vurğulayıb.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan daha əvvəl ölkəsinin KTMT-dən çıxarılmasına etiraz etməyəcəyini, hətta belə qərardan məmnun qalacağını bildirib. O, Ermənistanın yaxın beş ildə təşkilat çərçivəsində fəaliyyətini aktivləşdirmək niyyətində olmadığını açıqlayıb.

Xatırladaq ki, İrəvan 2024-cü ilin sentyabrında KTMT-də iştirakını dondurduğunu bəyan edib. Paşinyan həmin ilin dekabrında Ermənistanla təşkilat arasındakı münasibətlərin artıq geri dönüşü olmayan mərhələyə çatdığını söyləyib.