BAKI, 6 noyabr. TELEQRAF
Şimali Koreya Çirkli Pulların Yuyulmasına Qarşı Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun (FATF) ölkəyə qarşı maliyyə məhdudiyyətlərini qüvvədə saxlamaq qərarını qətiyyətlə pisləyib.
Teleqraf xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) Şimali Koreya Xarici İşlər Nazirliyinin açıqlamasına istinadən məlumat yayıb.
“Şimali Koreya Xarici İşlər Nazirliyi ədalətli beynəlxalq maliyyə sisteminin formalaşmasına xidmət etməli olan təşkilatın suveren dövlətin ləyaqətinə və hüquqlarına müdaxiləni davam etdirməsindən ciddi narazılığını bildirir, bu cür hərəkətləri qətiyyətlə pisləyir və rədd edir”, – açıqlamada qeyd olunub.
Nazirlik çirkli pulların yuyulması, terrorizmin maliyyələşdirilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsi və saxta pul istehsalı ilə bağlı ittihamların ABŞ və müttəfiqləri tərəfindən uydurulduğunu iddia edib.
Pxenyanın mövqeyinə görə, FATF Vaşinqtonun maraqlarına xidmət edən siyasiləşmiş təşkilata çevrilib.
Şimali Koreya XİN-in nümayəndəsi bildirib ki, ölkəsi 2013-cü ildən FATF ilə danışıqlar aparıb və maliyyə əməliyyatlarının şəffaflığını artırmaq məqsədilə milli qanunvericiliyinə dəyişikliklər edib. Buna baxmayaraq, təşkilat Şimali Koreyanı yüksək riskli ölkələr siyahısında saxlamağa davam edib.
Diplomat xatırladıb ki, 2024-cü ildə Şimali Koreya Asiya-Sakit okean regionunun çirkli pulların yuyulmasına qarşı mübarizə qrupunda müşahidəçi statusundan da məhrum edilib.
Nazirlik çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi ilə mübarizəyə dair mövqeyinin dəyişmədiyini, ölkənin suverenliyini qorumaqda davam edəcəyini vurğulayıb.