BAKI, 6 noyabr. TELEQRAF

Aqrar sahədə uzun illər tətbiq olunan 100%-lik tam vergi azadolması ləğv edilir. Bu qaydanı 2027-ci il yanvarın 1-dən 5 il müddətinə 90%-lik güzəşt mexanizmi əvəz edir.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətinin (DVX) sədri Orxan Nəzərli Milli Məclisdə keçirilən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

O bildirib ki, istehsalçıların əldə etdiyi gəlir və ya mənfəətin yalnız 10%-i ümumi qaydada vergiyə cəlb olunacaq:

“Bundan başqa, sadələşdirilmiş vergi üzrə tam vergi azadolması müəyyən edilən şərtlər daxilində daha 5 il müddətinə saxlanılacaq.
Onu da qeyd edim ki, kənd təsərrüfatı güzəştlərindən istifadə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində uçota alınma və əməliyyatların vergi hesabatlarında bəyan edilməsi ilə şərtləndiriləcək.
Qarşıdakı il üçün daha bir güzəşt mexanizmi təklif edilir. Bu heyvandarlıq sektoru üzrə idxal güzəştidir. Belə ki, kökəltmə məqsədilə heyvanların idxalı 3 il müddətinə ƏDV-dən azad ediləcək".