BAKI, 6 noyabr. TELEQRAF
Türkiyənin keçmiş ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kaya maliyyə bazarlarında aparılan əməliyyatlarla bağlı istintaq çərçivəsində həbs edilib.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin TRT Haber telekanalı məlumat yayıb.
İstanbul Baş Prokurorluğunun Terrorizmin Maliyyələşdirilməsi və Çirkli Pulların Yuyulması Cinayətlərinin İstintaqı Bürosu tərəfindən aparılan araşdırma çərçivəsində sabiq nazir prokurorluğa çağırılıb.
Onun ifadəsinin alınması 2 saat 15 dəqiqə davam edib. Daha sonra Kaya “Kapital Bazarı Qanununun pozulması” və “cinayət törətmək məqsədilə yaradılmış təşkilata üzv olmaq” ittihamları ilə məhkəməyə göndərilib. Məhkəmə barəsində həbs qətimkan tədbiri seçib.
İstintaq materiallarına əsasən, sabiq nazirin “Özata Denizcilik” şirkətinin səhmləri ilə bağlı əməliyyatlarında şübhəli hallar müəyyən edilib.
Türkiyənin Kapital Bazarı Şurasının hesabatında Kayanın səhmlərin qiymətinə və investorların qərarlarına təsir göstərə biləcək, ictimaiyyətə açıqlanmamış məlumatlara malik olduğu iddia edilir.
Prokurorluğun sənədlərinə görə, Kaya 2026-cı ilin aprelində aldığı səhmləri sentyabrın 16-da – investisiya fondlarının ləğvi barədə qərarın qəbulundan bir gün əvvəl satıb. Satışdan əldə olunan vəsait isə adi iki iş günlük hesablaşma müddəti gözlənilmədən həmin gün onun hesabına köçürülüb.
İstintaq orqanı sabiq nazirin “Tera” qrupunun rəhbər şəxsləri ilə əlaqələrini və əməliyyatların vaxtını nəzərə alaraq, onun əvvəlcədən məlumatlı ola biləcəyini ehtimal edir.
Eyni araşdırma çərçivəsində İlyas Kaya və Türkiyənin Kapital Bazarı Şurasının keçmiş sədri İbrahim Ömər Gönül barəsində məhkəmə nəzarəti tədbirləri tətbiq olunub. Onların ölkədən çıxışına qadağa qoyulub və mütəmadi olaraq müvafiq orqanda qeydiyyatdan keçmələri tələb edilib.