BAKI, 6 noyabr. TELEQRAF
Regionlarda hotel fəaliyyətində daşınmaz əmlak vergisi üzrə güzəştin müddətinin uzadılması nəzərdə tutulur.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətinin (DVX) sədri Orxan Nəzərli Milli Məclisdə keçirilən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.
O qeyd edib ki, həmçinin bu sektorda fəaliyyət göstərən müəssisələrin xarici turistlərə xidmətlər üzrə gəlir və mənfəət vergisindən azad edilməsi təklif olunub:
"Aqrar sektorda yerli aqrotexnika istehsalının dəstəklənməsi üçün güzəştlərin tətbiqi, ikinci əl avtomobil satışında və təkrar mənzil satışlarında ƏDV-nin ticarət əlavəsindən hesablanması və digər təşviqlərin verilməsi Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər sırasındadır.
Nağdsız əməliyyatlar üzrə ƏDV-nin 50%-nin qaytarılmasının əhatə dairəsinin genişlənməsi, səhiyyə və kənd təsərrüfatı da daxil olmaqla bir sıra sahələrdə mövcud güzəştlərin müddətinin uzadılması nəzərdə tutulur. Buğdanın idxalı və satışı, buğda unu və çörəyin, heyvan və quş ətinin, həmçinin yem və yem əlavələrinin satışı üzrə ƏDV-dən
azadolmaların tətbiq müddətinin daha 3 il uzadılması təklif olunur. Bu azadolmaların
müddətlərinin uzadılması sahibkarlıq subyektlərinə göstərilən vergi dəstəyinin davamlılığının
təmin edilməsinə yönəlib".