BAKI, 6 noyabr. TELEQRAF

"Zəfər ərazi bütövlüyümüzün bərpası ilə yanaşı, ölkəmizin iqtisadi inkişafı üçün də yeni imkanlar açıb. Cari il “2022–2026-cı illərdə Azərbaycan Respublikasının sosial-iqtisadi inkişaf Strategiyası”nın yekun ilidir, 2027–2030-cu illər üçün isə yeni Strategiya hazırlanır.

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin iclasında çıxış edən iqtisadiyyat nazirinin müavini Anar Axundov deyib.

O qeyd edib ki, cənab Prezidentin rəhbərliyi ilə aparılan siyasətin çərçivəsi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”lə müəyyən edilib: "Bugünkü iclasda təmsil olunan komitələrin fəaliyyət sahələri bu prioritetlərdən üçü ilə birbaşa bağlıdır: “təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi”, “dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət” və “rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı".