Özəl sektorun investisiya fəallığı yüksəlir. Qeyri-neft-qaz sektorunda qeyri-dövlət investisiyaları 20,7% artıb.
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin iclasında çıxış edən iqtisadiyyat nazirinin müavini Anar Axundov deyib.
O qeyd edib ki, ixracın strukturu da yaxşılaşır: "Kənd təsərrüfatı emalı məhsullarının ixracı 37%, qeyri-neft-qaz sənaye məhsullarının ixracı isə 21,5% artıb. Strateji valyuta ehtiyatları ilin əvvəlindən 5,1% artaraq 89,4 milyard dollara çatıb, illik inflyasiya Mərkəzi Bankın hədəf diapazonunda qalır".
Nazir müavini bildirib ki, büdcə daxilolmaları üzrə də müsbət dinamika davam edib: "Qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmaları 12,6% artaraq 10,3 milyard manatı ötüb, dövlət büdcəsinin qeyri-neft-qaz gəlirləri isə 9,3% yüksəlib. İlin əvvəlindən aktiv vergi ödəyicilərinin sayı 4,8%, ƏDV ödəyicilərinin sayı 6,9% artıb".
Onun sözlərinə görə, iqtisadiyyatın şaxələndirilməsində özəl sektor həlledici rol oynayır: “Dövlət dəstək mexanizmləri genişləndirilir, sahibkarların maliyyə resurslarına çıxışı asanlaşdırılır. Makroiqtisadi sabitlik, investisiyaların qorunması və əlverişli biznes mühiti investorların ölkəmizə etimadını gücləndirir. İnvestisiya təşviqi mexanizmi çərçivəsində sahibkarlar 1,45 milyard dollarlıq müasir texnika və avadanlıq idxal edib, bu idxal üzrə vergi və rüsumlardan 350 milyon dollardan çox güzəşt əldə olunub. Təşviq sənədi almış layihələrin təxminən üçdə ikisi sənaye, üçdə biri isə kənd təsərrüfatı sahəsini əhatə edir".