BAKI, 6 noyabr. TELEQRAF
Vergitutma bazasının genişləndirilməsi məqsədilə növbəti ildən aksizə cəlb olunan malların siyahısının artırılması nəzərdə tutulur.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətinin (DVX) sədri Orxan Nəzərli Milli Məclisdə keçirilən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.
Onun sözlərinə görə, vergi nəzarəti mexanizmlərinin gücləndirilməsi istiqamətində vətəndaşlar üçün
maraqlı ola biləcək yeni yanaşma var:
“Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər layihəsində ictimai nəzarət mexanizmlərinin təkmilləşdirilməsi və əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur.
Bildiyiniz kimi, hazırda ƏDV ödəyicilərindən alınan mal və xidmətlərə görə ödənilmiş ƏDV-nin bir hissəsinin geri qaytarılması mexanizmi tətbiq olunur. Gələn ildən isə ƏDV qeydiyyatında olmayan vergi ödəyicilərindən alınan mal və xidmətlərə görə nağdsız qaydada ödənilmiş məbləğin müəyyən hissəsinin istehlakçılara geri qaytarılması təklif olunur".