BAKI, 6 noyabr. TELEQRAF

Rumıniyanın paytaxtı Buxarestdə yerləşən Henri Koanda Beynəlxalq Hava Limanına partlayış təhlükəsi ilə bağlı daha iki xəbərdarlıq daxil olub.

Teleqraf xəbər verir ki, bu barədə Rumıniya Kəşfiyyat Xidməti (SRI) məlumat yayıb.

Bildirilib ki, hədələrdən biri Buxarest üzərindən Təl-Əvivə uçan Niderlandın “KLM” aviaşirkətinə məxsus təyyarə ilə bağlı olub.

“Qiymətləndirməmizə əsasən, təhlükə barədə məlumat yalan idi. Lakin pilotlar aviaşirkətlə məsləhətləşdikdən və uçuşun təyinat məntəqəsini nəzərə aldıqdan sonra əlavə təhlükəsizlik yoxlaması tələb ediblər”, – məlumatda qeyd olunub.

Digər bomba hədəsinin isə konkret təyyarəyə aid olmadığı və əlavə təhlükəsizlik tədbirlərinin görülməsini tələb etmədiyi bildirilib.

Beləliklə, noyabrın 5-də Buxarest Beynəlxalq Hava Limanına ümumilikdə dörd bomba hədəsi daxil olub. Onlardan üçü konkret təyyarələrlə bağlı olub, biri isə ümumi xarakter daşıyıb.

Qeyd edək ki, daha əvvəl bomba hədəsi səbəbindən Milandan havaya qalxan “Wizz Air” aviaşirkətinin təyyarəsi, eləcə də Belqrad–Buxarest reysini yerinə yetirən “Air Serbia” aviaşirkətinə məxsus hava gəmisi hava limanına eniş edib.