BAKI, 6 noyabr. TELEQRAF

KONKAKAF 2027-ci ildə keçiriləcək Qızıl Kubokun formatında əsaslı dəyişiklik edib.

Teleqraf xəbər verir ki, yeni qaydalara əsasən, turnirdə iştirak edəcək 16 komanda əvvəlki kimi dörd qrupa deyil, hərəsində 8 kollektiv olmaqla iki qrupa bölünəcək.

Yeni sistemə görə, hər komanda qrup mərhələsində reytinq əsasında müəyyənləşdirilən fərqli rəqiblərlə 4 oyun keçirəcək. Hər qrupun ilk 4 pilləsində qərarlaşan komandalar pley-off mərhələsinə yüksələcəklər.

Dəyişiklik UEFA Çempionlar Liqasında tətbiq edilən İsveçrə modeli əsasında hazırlanıb. Yeni format sayəsində ABŞ və Meksika kimi turnirin favoritləri daha erkən mərhələdə üz-üzə gələ bilərlər.

KONKAKAF prezidenti Viktor Montagliani bildirib ki, yeni sistem azarkeşlərin güclü komandaların bir-biri ilə daha erkən qarşılaşması istəyini nəzərə alır. Onun sözlərinə görə, bu format turnirin ilk oyunundan finala qədər rəqabəti və marağı artıracaq.

Qeyd edək ki, 2027-ci il Qızıl Kubok iyunun 17-də başlayacaq, final qarşılaşması isə iyulun 11-də keçiriləcək. Turnirin ev sahibi ölkəsi hələ müəyyənləşməyib. 15 iştirakçı 2026–2027-ci illər Millətlər Liqası və seçmə mərhələlər vasitəsilə müəyyənləşəcək. Səudiyyə Ərəbistanı isə xüsusi dəvətlə yarışa qatılacaq. Turnirin püşkatma mərasimi aprelin 8-də keçiriləcək.