BAKI, 1 iyul. TELEQRAF

ABŞ Konqresinin Nümayəndələr Palatası Amerika hərbçilərinin Livandakı mümkün döyüş əməliyyatlarında iştirakının qarşısının alınmasını nəzərdə tutan qətnaməni qəbul etməyib.

Teleqraf xəbər verir ki, sənədin lehinə 189 konqresmen, əleyhinə isə 235 konqresmen səs verib. Qətnamədə ABŞ Prezidenti Donald Trampın yeddi gün ərzində Amerika Silahlı Qüvvələrini Livandakı hər hansı döyüş əməliyyatlarından çıxarmasının vacibliyi vurğulanırdı.

Sənədin müəllifləri olan demokrat qanunvericilər etiraf ediblər ki, hazırda ABŞ hərbçiləri Livanda döyüş əməliyyatlarında iştirak etmir. Onlar qətnamənin məqsədinin belə bir ssenarinin qarşısını almaq olduğunu bildiriblər.

Qeyd olunub ki, söhbət Konqresin hər iki palatasında ayrıca qəbul edilməli olan və hüquqi qüvvəyə malik olmayan tövsiyə xarakterli qətnamədən gedir. Belə sənədlər qanunvericilərin mövqeyini ifadə edir və ABŞ administrasiyası onları nəzərə almaya bilər.

ABŞ Konstitusiyasına əsasən müharibə elan etmək səlahiyyəti prezidentə deyil, Konqresə məxsusdur. Bununla belə, son onilliklərdə ABŞ prezidentləri xaricdə hərbi gücdən istifadə ilə bağlı səlahiyyətləri daha geniş şəkildə şərh edərək yeni əməliyyatlara başlayıblar.

Xatırladaq ki, İran nümayəndələri ABŞ ilə aparılan danışıqlarda Livanda tam atəşkəsin təmin olunmasını və İsrail qoşunlarının bölgədən çıxarılmasını tələb etmiş, əks halda Tehran Hörmüz boğazını yenidən bağlaya biləcəyi barədə xəbərdarlıq etmişdi. İyunun 26-da ABŞ, İsrail və Livan rəsmiləri beş raund danışıqlardan sonra əldə olunan çərçivə sazişini açıqlayıblar. Sazişə əsasən, İsrail qoşunları ilkin mərhələdə Litani çayının cənubunda və şimalında yerləşən iki zonanı Livan ordusunun nəzarətinə verməlidir.