BAKI, 30 iyun. TELEQRAF
Monakoda baş verən partlayış nəticəsində xəsarət alanlar arasında ukraynalı oliqarx və onun ailə üzvlərinin ola biləcəyi bildirilir.
Teleqraf xəbər verir ki, bu barədə Fransanın "Le Figaro" qəzeti mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, partlayış zamanı yaralanan şəxslərdən biri ukraynalı oliqarxdır. Lakin onun adı açıqlanmayıb.
Daha əvvəl "Monaco-Matin" qəzeti partlayış nəticəsində 50-60 yaşlarında iki nəfərin və 13 yaşlı yeniyetmənin xəsarət aldığını yazmışdı. Nəşrin məlumatına əsasən, onların hamısının vəziyyəti ağırdır.
***
01:51
Monakoda baş verən partlayış terror aktı kimi qiymətləndirilib. Hadisə nəticəsində xəsarət alanların hamısının Ukrayna vətəndaşı olduğu bildirilir.
Teleqraf xəbər verir ki, Fransanın Nitsa şəhərinin meri Erik Siotti "X" sosial şəbəkəsində paylaşım edərək partlayışı terror aktı adlandırıb.
"Bu axşam törədilən terror aktı Monakonu sarsıdan faciədir", - deyə o qeyd edib.
AFP agentliyinin Monako hökumətinə istinadən yaydığı məlumata görə, partlayış nəticəsində üç nəfər xəsarət alıb. Yaralananlardan ikisinin vəziyyəti ağırdır.
"Monaco-Matin" qəzetinin məlumatına əsasən, partlayış yerli vaxtla saat 21:00 radələrində yaşayış binasının girişində baş verib.
Nəşr daha sonra mənbəyə istinadla bildirib ki, yaralanan üç nəfərin hamısı Ukrayna vətəndaşıdır. Onların eyni ailənin üzvləri olduğu qeyd edilir. Xəsarət alanlar arasında 50-60 yaşlarında kişi və qadın, həmçinin yeniyetmə var.
Məlumata görə, yaralılar Fransanın Nitsa şəhərindəki xəstəxanalara yerləşdirilib və onların vəziyyəti ağır olaraq qiymətləndirilir.