BAKI, 29 iyun. TELEQRAF
Avropanı bürüyən güclü isti hava dalğası nəticəsində Fransada 1000-dən çox insan həyatını itirib.
Teleqraf xəbər verir ki, “Reuters” agentliyinin məlumatına görə, iyunun 20-dən başlayan və qitənin böyük hissəsini əhatə edən isti hava dalğası son illərin ən ağır təbii hadisələrindən biri hesab olunur.
Fransanın İctimai Səhiyyə Agentliyi bildirib ki, ölənlərin əksəriyyəti yaşlı insanlardır. Qurum yaşayış evləri və sosial müəssisələrdən daxil olacaq yeni məlumatlarla qurbanların sayının daha da arta biləcəyi barədə xəbərdarlıq edib.
Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Ghebreyesus bildirib ki, hazırda Avropada təxminən 150 milyon insan ekstremal istilərin təsiri altında yaşayır.
Onun sözlərinə görə, yüzlərlə insan ölüb, məktəblər bağlanıb və enerji şəbəkələrində problemlər yaranıb.
Meteoroloqlar və alimlər hesab edirlər ki, insan fəaliyyəti nəticəsində yaranan iqlim dəyişikliyi olmasaydı, bu miqyasda isti hava dalğasının baş verməsi demək olar ki, mümkün olmazdı.
Avstriya, Çexiya, Almaniya və Polşada temperatur rekordları qeydə alınıb. Fransanın bəzi bölgələrində isə güclü fırtınalar başlayıb ki, bu da nəqliyyat və enerji təchizatında əlavə problemlər yaradıb.
Almaniyada bir sıra dəmir yolu marşrutlarında qatarların hərəkəti məhdudlaşdırılıb, Leypsiq şəhərində tramvayların fəaliyyəti dayandırılıb.
İsti hava Avropanın əsas çaylarına da təsir edib. Macarıstanda Dunay çayının suyunun temperaturu yüksəldiyi üçün Pakş Atom Elektrik Stansiyasında istehsal azaldılıb. İtaliyada isə Po çayında suyun səviyyəsinin enməsi nəticəsində dəniz suyu daxili ərazilərə doğru irəliləyib və kənd təsərrüfatı üçün risk yaradıb.
Fransanın meteorologiya xidməti ölkənin əksər hissəsində temperaturun tədricən aşağı düşdüyünü açıqlasa da, bəzi şimal-şərq bölgələri hələ də yüksək istilik xəbərdarlığı altındadır.
Fransanın səhiyyə naziri Stefani Rist bildirib ki, hava şəraiti normallaşsa belə, isti hava dalğasının təsirləri 10 günədək davam edə bilər.
Şənbə günü Fransanın bəzi bölgələrində baş verən fırtınalar nəticəsində minlərlə abonent işıqsız qalıb. Elektrik operatoru Enedis-in məlumatına görə, bazar günü günorta saatlarında ölkənin şimal və mərkəzi hissələrində 36 min ev təsərrüfatının elektrik təchizatı kəsilib.