BAKI, 10 yanvar. TELEQRAF
Ukrayna Prezidenti Volodimir Zelenski müharibədən sonra ölkənin iqtisadi bərpası çərçivəsində sıfır tarifli sərbəst ticarət müqaviləsi bağlama imkanını ABŞ ilə müzakirə etdiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə o, Bloomberg-ə verdiyi müsahibədə bildirib.
Prezident qeyd edib ki, təklif olunan razılaşma ABŞ ilə ticarətdə sıfır tarifləri nəzərdə tutur və Ukraynanın müəyyən sənayeləşmiş bölgələrinə tətbiq edilə bilər. O, bunun Kiyevə qonşu ölkələrə nisbətən ciddi üstünlüklər verəcəyini vurğulayıb.
Zelenski əlavə edib ki, razılaşmanın təfərrüatlarını birbaşa ABŞ Prezidenti Donald Trampla müzakirə etməyi planlaşdırır.
Onun sözlərinə görə, Ukrayna ərazi təklifləri ilə bağlı şərhlərini artıq ABŞ-yə çatdırıb və onlar Rusiya tərəfinə də təqdim olunmalıdır. Moskvanın Vaşinqtonla təhlükəsizlik zəmanətləri və bərpa planı ilə bağlı danışıqların yekunlaşmasından əvvəl 20 maddəlik çərçivə sazişinə cavab verəcəyi gözlənilir. Danışıqlar ayın sonunda keçirilə bilər.