BAKI, 5 iyul. TELEQRAF

İranın Dəyyər limanı ilə Qətərin Əl-Ruveys limanı arasında dəniz yük daşımaları ABŞ-İsrail müharibəsi səbəbindən yaranmış beş aylıq fasilədən sonra yenidən bərpa olunub.

Teleqraf xəbər verir ki, bu barədə İranın Dohadakı ticarət attaşesi Abbas Əbdülxani yerli mediaya açıqlamasında bildirib.

Onun sözlərinə görə, yük daşımalarının bərpası İranın Dohadakı səfirliyi ilə Qətər hakimiyyəti arasında aparılan koordinasiya nəticəsində mümkün olub.

Bildirilir ki, qarşılıqlı sahillərdə yerləşən Dəyyər və Əl-Ruveys limanları əsasən regional ticarətə xidmət edir. ABŞ-İsrail müharibəsi zamanı Dəyyər limanı bir neçə dəfə zərbələrə məruz qalmışdı.

Əl-Ruveys limanı İranın Qətərə ixracı üçün əsas logistika mərkəzlərindən biri hesab olunur. Marşrutun yenidən fəaliyyətə başlamasının nəqliyyat xərclərini azaltacağı və malların çatdırılmasını sürətləndirəcəyi gözlənilir.

Qeyd edək ki, Qətər İranla ABŞ arasında münaqişənin dayandırılması istiqamətində aparılan vasitəçilik səylərində əsas rol oynayan ölkələrdən biri olub.