BAKI, 27 avqust. TELEQRAF

“İranın özünü müdafiə etməsi qonşu və müsəlman ölkələrlə düşmənçilik demək deyil”.

Teleqraf xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian bildirib.

Məsud Pezeşkian deyib ki, müharibəyə başlayan tərəf İran olmayıb:

“Ölkəni müdafiə etmək hər bir xalqın haqqıdır, biz də bu hüquqdan istifadə etdik. İranı müdafiə etmək qonşu və müsəlman ölkələrlə düşmənçilik demək deyil. Heç bir İslam ölkəsinin ərazisi başqa bir İslam ölkəsinə qarşı təcavüz üçün platformaya çevrilməməlidir və heç bir İslam ölkəsi öz təhlükəsizliyini qonşusunun təhlükəsizliyinin pozulmasında axtarmamalıdır”.

Prezidentin sözlərinə görə, İran regional təhlükəsizlik və əməkdaşlıq sistemi qurmaq üçün qonşularına əl uzadır: “Həmçinin İran zəif mövqedə deyil və özünü necə müdafiə etməyi bilir”.

Pezeşkian əlavə edib ki, haqq, ədalət və qarşılıqlı məsuliyyət prinsipləri əsasında birlik bu gün müsəlman ölkələrinin ehtiyac duyduğu əsas məsələdir.

Xatırladaq ki, İran fevralın 28-də ABŞ və İsraillə müharibənin başlamasından sonra bir sıra qonşu ölkələrin ərazilərinə hava zərbələri endirib.