BAKI, 27 avqust. TELEQRAF
İranın neft naziri Möhsün Paknejad neft satışının beynəlxalq sanksiyalar və ABŞ-nin blokadası səbəbindən dayandırıldığı barədə iddiaları təkzib edib.
Teleqraf xəbər verir ki, nazir İranın neft satışını davam etdirdiyini bildirib.
Paknejad prosesin detalları barədə məlumat verməkdən imtina edərək, bunun “düşmən” tərəfindən sui-istifadə edilə biləcəyini iddia edib.
Nazirin sözlərinə görə, müəyyən müddətdə İranın nefti müştərilərə təhvil məntəqəsinə qədər çatdırmaq imkanı olub:
“Hazırda da ərazi sularımızdan kənarda, uzaq sularda neftin satışı, yəni müştərilərə təhvil verilməsi prosesi davam edir”.
O əlavə edib ki, blokada dövründə də İran xam neftinin bir hissəsini ixrac edə bilib.
“Neft satışının davam etdirilməsi üçün lazımi tədbirlərin görülməsi istiqamətində işlər davam etdirilir”, - Möhsün Paknejad əlavə edib.