BAKI, 26 avqust. TELEQRAF
İranda strateji yanacaq ehtiyatlarının istifadəsi “qırmızı həyəcan” mərhələsinə çatıb. Mövcud tendensiya davam edərsə, ölkənin yanacaq ehtiyatları bir neçə həftə ərzində tükənə bilər.
Teleqraf xəbər verir ki, bu barədə “Iran International” mənbələrə istinadla məlumat yayıb.
Agentlik qeyd edib ki, bu vəziyyət Məsud Pezeşkian hökuməti ilə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) arasında fikir ayrılığına səbəb olub:
“Ciddi çatışmazlıqlar və böhran vəziyyətləri üçün saxlanılan strateji ehtiyatlardan son həftələrdə istifadə elə bir səviyyəyə çatıb ki, hökumətin ekspertləri bunun davam etdirilməsinin mümkün nəticələri barədə xəbərdarlıq ediblər. Ehtiyatlardan istifadə indiki sürətlə davam etsə, qalan yanacaq ehtiyatları qarşıdakı bir neçə həftə ərzində tamamilə tükənə bilər. Bu isə hökumətin istehsal və ya idxalda yaranacaq problemləri kompensasiya etmək və yanacağın genişmiqyaslı çatışmazlığının qarşısını almaq imkanlarını ciddi şəkildə məhdudlaşdıracaq.
Strateji ehtiyatlardan istifadənin artırılması hökumətlə SEPAH arasında fikir ayrılığına gətirib çıxarıb.
SEPAH bu ehtiyatlardan məhdudiyyətsiz istifadə edilməsinə qarşı çıxır. Hökumət isə yanacaqdoldurma məntəqələrinin fəaliyyətini davam etdirmək, əhali arasında yanacaq qıtlığı və qiymət artımı ilə bağlı narahatlığın daha da güclənməsinin qarşısını almaq üçün ehtiyatlardan istifadənin davam etdirilməsini istəyir”.