BAKI, 3 may. TELEQRAF
İsrail öz hərbi-sənaye kompleksini inkişaf etdirmək və yerli silah istehsalı potensialını gücləndirmək məqsədilə yaxın 10 il ərzində müdafiə büdcəsini 350 milyard şekel (təxminən 119 milyard dollar) həcmində artıracaq.
Teleqraf xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu bildirib.
Hökumət başçısı qeyd edib ki, əsas hədəf xarici tədarükçülərdən asılılığı minimuma endirməkdir:
"Mən yerli silah istehsalı imkanlarımıza sərmayə qoyulması barədə göstəriş vermişəm. Növbəti onillikdə müdafiə büdcəsinə əlavə 350 milyard şekel cəlb edəcəyik ki, silahlarımızı ölkə daxilində istehsal edək və xarici tədarükçülərdən asılı olmayaq".
B.Netanyahunun sözlərinə görə, bu strateji addım İsrailin müdafiə qabiliyyətini köklü şəkildə dəyişəcək: "Buna paralel olaraq, öz istehsalımız olan qabaqcıl uçuş aparatları hazırlayacağıq. Bu, ümumi mənzərəni tamamilə fərqli müstəviyə daşıyacaq".
Baş nazir həmçinin xatırladıb ki, bir neçə həftə əvvəl pilotsuz uçuş aparatlarından (PUA) gələn təhlükələrin neytrallaşdırılması üçün xüsusi layihənin yaradılması barədə əmr verib. O, artıq bu istiqamətdə görülən işlər və əldə olunan irəliləyişlərlə bağlı rəsmi hesabat gözlədiyini vurğulayıb.