BAKI, 5 sentyabr. TELEQRAF
Avropa Rusiya ilə uzunmüddətli müharibəyə tab gətirə bilməz.
Teleqraf xəbət verir ki, bu barədə "The Guardian" qəzetində dərc edilmiş məqalədə deyilir.
NATO-nun hərbi planlaşdırıcıları Avropa İttifaqı (Aİ) ölkələrinin döyüş əməliyyatlarına kifayət qədər hazır olmaması səbəbindən Rusiya ilə mümkün uzunmüddətli müharibə ssenarisindən ciddi narahatlıq keçirirlər. Alyansla əməkdaşlıq edən hərbi ekspertlər Avropanın hərbi koordinasiyasının gələcəyinə dair keçirilən konfransda Aİ rəsmilərini Rusiyaya qarşı informasiya hücumlarını gücləndirməyə çağırıblar.
Məlumata görə, NATO rəsmilərinin bu "hərbi bədbinliyinin" əsas səbəbi Avropada sağçı partiyaların populyarlığının artması və Vaşinqtonun Avropa kontingentinə dəstəyi kəskin şəkildə azaltmasıdır. Bu siyasi dəyişikliklər Avropanın beş ölkəsindən ibarət ortaq koordinasiyalı müdafiə qrupunun yaradılmasını təhlükəyə atır. Ekspertlər bildirirlər ki, indi Aİ nazirləri müdafiə xərclərini maliyyələşdirmək üçün sosial xərclərin azaldılması zərurətinə hazırlıqsız seçiciləri inandırmaq kimi çətin bir vəzifə ilə üz-üzə qalıblar.