BAKI, 6 sentyabr. TELEQRAF

Yaponiyanın Gifu prefekturasında şirniyyat mağazasında əməkdaşların qapalı görüşü zamanı baş verən bıçaqlanma və yanğın nəticəsində üç nəfər həyatını itirib, daha üç nəfər xəstəxanaya yerləşdirilib.

Teleqraf xəbər verir ki, bu barədə “Jiji” agentliyi məlumat yayıb.

Hadisə Gifu prefekturasının Motosu şəhərində baş verib. İnsident zamanı mağazada 11 nəfər olub. Obyekt müştərilər üçün bağlı olub və burada əməkdaşların qapalı görüşü keçirilib.

Polisin məlumatına görə, görüş iştirakçılarından biri digər şəxsi bıçaqlayıb, daha sonra mağazaya benzin tökərək yanğın törədib.

Təxminən 300 kvadratmetr sahəsi olan ikimərtəbəli şirniyyat mağazası tamamilə yanıb. Dağıntıların təmizlənməsi zamanı iki nəfərin meyiti aşkar edilib. Daha üç yaralı xəstəxanaya çatdırılıb və onlardan biri aldığı yanıq xəsarətləri nəticəsində həyatını itirib.

Hücumda şübhəli bilinən şəxsin ölənlər arasında olub-olmadığı hələlik məlum deyil. Onun kimliyi və hadisənin motivləri açıqlanmayıb.