BAKI, 6 sentyabr. TELEQRAF

ABŞ-nin Kaliforniya ştatında kiçik təyyarənin qəzaya uğraması nəticəsində iki uşaq ölüb, iki böyük isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Teleqraf xəbər verir ki, bu barədə “New York Post” və “San Francisco Chronicle” hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Hadisə sentyabrın 5-də yerli vaxtla saat 13:50 radələrində Fresno hava limanının yaxınlığında, San-Xoakin çayı ərazisində baş verib. Təyyarədə ümumilikdə dörd nəfər olub.

Xilasedicilər hava gəmisinin qalıqlarını çayın yaxınlığındakı uçurumda aşkar ediblər. “New York Post”un məlumatına görə, qəza nəticəsində ərazidəki yamacda yanğın da baş verib.

İki nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ölən uşaqların şəxsiyyəti və dəqiq yaşları hələlik müəyyən edilməyib.

Qəzanın səbəbləri məlum deyil. Hadisənin araşdırılmasına ABŞ Federal Aviasiya Administrasiyası (FAA) və Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) cəlb olunub.