BAKI, 6 sentyabr. TELEQRAF

Britaniyanın üç hava limanının operatoruna edilən kiberhücum nəticəsində 8,7 milyona yaxın sərnişinin məlumatları ələ keçirilibş.

Teleqraf xəbər verir ki, “Daily Mail” “Mançester Airports Group”a (MAG) qarşı həyata keçirilən kiberhücumdan sonra siyasətçilər, hərbçilər və digər sərnişinlərin məlumatlarının “darknet”də yayımlandığını yazıb.

Məlumata görə, sızma “Mançester”, “Stansted” və “İst-Midlands” hava limanlarının təxminən 8,7 milyon müştərisinə təsir edib.

Nəşrin məlumatına görə, yayılan məlumatlar arasında hakim, parlament əməkdaşları, Daxili İşlər Nazirliyi və İngiltərə Bankı ilə əlaqəli şəxslərin hərəkətləri barədə məlumatlar, həmçinin məşhurlara və Premyer Liqa futbolçularına aid olduğu ehtimal edilən elektron poçt ünvanları olub.

“FulcrumSec” adlı haker qrupunun parkinq, biznes-lonclar və sürətli keçid xidmətləri ilə bağlı rezervasiya məlumatlarına, eləcə də hava limanlarında “Wi-Fi” xidmətindən istifadə üçün qeydiyyatdan keçən sərnişinlərin məlumatlarına çıxış əldə etdiyi bildirilir.

Hakerlər iddia ediblər ki, MAG sərnişin məlumatlarının qorunması üçün tələb olunan ödənişi etməyib və buna görə məlumatları yayıblar.

Qrupun sözlərinə görə, onların sərnişinlərin gələcək səfərləri ilə bağlı təxminən 200 min məlumatı da olub. Lakin bu məlumatların təhlükəsizlik riski yarada biləcəyini əsas gətirərək onları yayımlamayıblar.

MAG kiberinsidenti avqustun 27-də təsdiqləyib. Şirkət hadisədən sonra müştərilərin və sistemlərin təhlükəsizliyinin gücləndirilməsi istiqamətində tədbirlər gördüyünü açıqlayıb.

MAG-ın məlumatına görə, hakerlərin əldə etdiyi məlumatlar arasında müştərilərin elektron poçt ünvanları, telefon nömrələri, avtomobillərin qeydiyyat məlumatları və poçt indeksləri olub. Şirkət bank və ödəniş məlumatlarının hakerlər üçün əlçatan olmadığını bildirib.