BAKI, 6 sentyabr. TELEQRAF

Süni intellekt heyvanların ünsiyyət siqnallarını daha yaxşı anlamağa və gələcəkdə onlarla iki tərəfli kommunikasiya qurmağa imkan verə bilər. Lakin bu texnologiyanın inkişafı heyvanların rifahı və təhlükəsizliyi ilə bağlı yeni etik suallar yaradır.

Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.

Agentlik heyvanlarla “danışmağı” süni intellekt üçün növbəti etik mina sahəsi kimi qiymətləndirib.

İspaniyada qara qarğaların ünsiyyətini araşdıran bioloqlar Vittorio Balione və Daniela Kanestrari bir neçə ildir bu istiqamətdə tədqiqat aparırlar. Alimlər 2018-ci ildən quşların lələklərinə yerləşdirilən kiçik mikrofonlarla səsləri qeydə almağa başlayıb və nəticədə təxminən 150 min audioyazı toplayıblar.

Bu həcmdə məlumatı əl ilə emal etmək çətin olduğundan tədqiqatçılar süni intellektdən istifadə edirlər. Maşın öyrənməsi modeli vasitəsilə qarğaların, onların balalarının və digər heyvanların səslərini fərqləndirməyə, daha sonra isə bu siqnalları baş verən hadisələrlə əlaqələndirməyə çalışırlar.

Məsələn, Balione qarğaların yuvasına yırtıcı quş hücum etdiyi zaman çıxardıqları xüsusi səsi müəyyən edib. Bu siqnaldan sonra digər quşların yuvanı qorumaq üçün əraziyə gəlməsi alimdə həmin səsin digər qarğaları köməyə çağıran siqnal ola biləcəyi qənaətini yaradıb.

Perspektivdə bu cür tədqiqatlar heyvanların siqnallarını yalnız anlamağa deyil, onlara cavab verməyə də imkan yarada bilər. Bununla belə, alimlər əldə edilən biliklərin ov və heyvanların tutulması kimi məqsədlər üçün istifadə edilə biləcəyindən narahatdırlar.

Nyu-York Universitetinin “More-Than-Human Life” proqramının direktoru Sezar Rodriqes-Qaravito bildirib ki, süni intellekt daha geniş miqyasda zərər vurmaq potensialına malikdir.

Digər narahatlıq doğuran məsələ heyvanlara öz növlərinin digər nümayəndələrinin səslərinin səsləndirildiyi “reproduksiya” metodudur. Tədqiqatçılar bundan müxtəlif siqnalların mənasını yoxlamaq üçün istifadə edirlər. Lakin bu cür eksperimentlər heyvanlarda stress yarada bilər.

Balionenin sözlərinə görə, belə müdaxilə heyvanların sosial mühitini poza və səslərin mənası tam başa düşülmədikdə onların arasında qarşıdurmalara səbəb ola bilər.