BAKI, 6 sentyabr. TELEQRAF
Cakartadakı Sukarno-Hatta hava limanında Anak-Krakatau vulkanının püskürməsi nəticəsində yaranan kül səbəbindən uçuşlar müvəqqəti dayandırılıb.
Teleqraf xəbər verir ki, bu barədə “CNBC Indonesia” İndoneziya Mülki Aviasiya Baş İdarəsinə istinadən məlumat yayıb.
Məlumata görə, hava limanı sentyabrın 6-da yerli vaxtla saat 01:30-da bağlanıb. Əvvəlcə məhdudiyyətlərin saat 05:30-dək davam edəcəyi bildirilsə də, sonradan hava limanının bağlanma müddəti saat 09:30-dək uzadılıb.
Qərar hava limanı ərazisində aparılan hava analizləri zamanı vulkanik külün aşkar edilməsindən sonra qəbul olunub.
Vulkanik kül səbəbindən 16 beynəlxalq reys ləğv edilib, 7 reys gecikib, daha 5 reysin vaxtı dəyişdirilib. Ümumilikdə 33 reys məhdudiyyətlərdən təsirlənib.
Məhdudiyyətlərin təsir etdiyi beynəlxalq istiqamətlər arasında Sinqapur, Honkonq, Sidney, Seul, Doha, Amsterdam və Kuala-Lumpur olub. Daxili reyslərdən 4-ü ləğv edilib, daha biri isə başqa hava limanına yönləndirilib.