GƏNCƏ, 6 sentyabr. TELEQRAF
Ağdamın Sarıcalı kəndi ərazisində traktorla minaya düşən şəxs Abbas Səhət adına Gəncə Birləşmiş Xəstəxanasına gətirilib.
Xəstəxadan Teleqraf-ın Qərb bürosuna bildirilib ki, Sarıyev Elmdar Xan oğluna sağ qolun kəsilmiş yarası və sağ daban sümüyünün sınığı diaqnozu qoyulub, ona zəruri tibbi xidmətlər göstərilib. Hazırda pasiyentin müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir.
Məlumat üçün bildirək ki, adıçəkilən şəxs "K-700" markalı texnika ilə sahədə şum işləri apararkən tank əleyhinə minaya düşüb.
***
10:13
Sentyabrın 5-də Ağdam rayonunun işğaldan azad edilmiş Çəmənli Sarıcalı kəndi ərazisində mina partlayışı hadisəsi baş verib.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətlərinin birgə məlumatında qeyd olunub.
Bildirilib ki, Ağcabədi rayonu Şotlanlı kənd sakini 1972-ci il təvəllüdlü Sarıyev Elmdar Xan oğlunun minalardan təmizlənməmiş ərazidə idarə etdiyi traktor minaya düşüb. Hadisə zamanı Sarıyev Elmdar xəsarət alıb.
Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.
ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır.
***
05.09.2026 / 23:41
Ağdamda traktor minaya düşüb.
Teleqraf-ın Qarabağ bürosu xəbər verir ki, hadisə rayonun Sarıcalı kəndi ərazisində qeydə alınıb.
Sürücü "K-700" markalı texnika ilə sahədə şum işləri apararkən tank əleyhinə minaya düşüb.
Güclü partlayış nəticəsində traktor tamamilə yararsız hala düşsə də, sürücü xəsarət almayıb. Hazırda aidiyyəti qurumların əməkdaşları tərəfindən hadisənin baş verdiyi sahəyə baxış keçirilir.
Raul Muradlı