BAKI, 5 sentyabr. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin Kremldə ABŞ nümayəndə heyəti - Stiv Uitkoff və Cared Kuşnerlə keçirdiyi görüşün əvvəlində diqqətçəkən bəyanat verib.

Teleqraf TASS agentliyinə istinadla xəbər verir ki, Rusiya lideri amerikalı diplomatlara müraciət edərək, "Müzakirəyə başlamazdan əvvəl, sizdən Amerika Birləşmiş Ştatlarının Prezidenti cənab Trampa mənim ən xoş arzularımı və təşəkkür sözlərimi çatdırmağınızı xahiş etmək istəyirəm", - deyə bildirib.

O həmçinin tərəflər arasında müzakirə edilən geosiyasi vəziyyətin və Ukrayna böhranının kifayət qədər mürəkkəb olduğunu xüsusi vurğulayıb.

***

20:42

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Ağ Ev rəhbərinin kürəkəni Cared Kuşner bu gün Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşmək üçün Kremlə gəliblər.

Teleqraf TASS-a istinadla xəbər verir ki, Amerika nümayəndə heyətini Kremldə Rusiyanın birbaşa investisiyalar fondunun rəhbəri və prezidentin xüsusi nümayəndəsi Kirill Dmitriyev müşayiət edib.

Rusiya liderinin mətbuat katibi Dmitri Peskov dövlət başçısının amerikalı vasitəçilərlə Ukrayna münaqişəsinin həlli yollarını müzakirə edəcəyini rəsmən təsdiqləyib.

Qeyd olunub ki, bu, Stiv Uitkoffun Ukrayna böhranı ilə bağlı Kremlə rəsmən 8-ci səfəridir. ABŞ nümayəndə heyəti Moskvadakı kritik təmaslardan dərhal sonra Ukrayna tərəfi ilə danışıqlar aparmaq üçün Kiyevə yola düşəcək.