BAKI, 4 sentyabr. TELEQRAF

Yəmənin hökumət qüvvələri Səna vilayətinin şimal-şərqində yerləşən Əl-Cövf şəhərində qiyamçı “Ənsarallah” Hərəkatının (husilər) mövqelərini hədəfə alıb.

Teleqraf xəbər verir ki, bu barədə “Al Arabiya” məlumat yayıb.

Hökumət qüvvələri Əl-Cövfün cənub-qərbində, Əl-Məhzəmatda husilərin mövqelərini və toplanış məntəqələrini, silah anbarlarını və raket buraxılış qurğularını, həmçinin Xəb və Əş-Şəafda bir sıra mövqeləri dron və raketlərlə atəşə tutub.

Yəmən hökumət qüvvələri ilə husilər arasında Taiz şəhərinin şərqində də şiddətli toqquşmalar baş verib. Məlumata görə, hökumət qüvvələri Taizdə Numan dağı və ətrafını nəzarətə götürüb.

Xudeyda vilayətində isə bölgənin cənubunda şiddətli toqquşmalar baş verib. Hökumət qüvvələri Heysdə “Ənsarallah”ın hücumunun qarşısını alıb. Həmçinin Dəbbas dağı yaxınlığında da toqquşmaların davam etdiyi bildirilir.