BAKI, 15 may. TELEQRAF
Qrenlandiyada ABŞ-nin tərk edilmiş gizli hərbi bazası aşkar edilib.
Teleqraf xəbər verir ki, bu barədə “Wall Street Journal” nəşri məlumat yayıb.
Bazanı Qrenlandiyada yeni radar sisteminin test rejimində istifadəsini həyata keçirən NASA alimləri aşkar ediblər.
Məlum olub ki, bu, ABŞ-nin tərk edilmiş Kemp Senturi hərbi bazasıdır. Bu baza "soyuq müharibə" dövründə Pentaqonun nüvə raketləri üçün buraxılış qurğularının tikintisi üzrə "buz qurdu" planı çərçivəsində inşa edilib. Obyektdə 600-dək nüvə başlığı üçün yer olduğu bidirilir.
1967-ci ildə hərbçilər buradakı buzun qarşıya qoyulmuş vəzifələri icra etmək üçün uyğun olmadığı qənaətinə gəliblər və bazadan imtina ediblər. İllər ötdükcə Kemp Senturi üzərindəki buz örtüyü artıb və 30 metrə çatıb.
Qeyd edək ki, XX əsrin ortalarında ABŞ-nin Qrenlandiyada 17 bazası olub ki, burada təxminən 10 min əsgər yerləşdirilib. Hazırda Danimarkaya məxsus bu adada yalnız Pituffik kosmik bazası fəaliyyət göstərir.