BAKI, 18 sentyabr. TELEQRAF
Ay aylar və ya illər ərzində deyil, cəmi bir neçə saata - gənc Yerlə Mars ölçüsündə bir planetin toqquşmasından sonra yarana bilərdi. Hesablamalara ilk dəfə belə miqyasda toqquşan cisimlərin daxili təbəqələrinin temperaturu və möhkəmliyi daxil edilib.
Teleqraf xəbər verir ki, tədqiqatın nəticələri “The Astrophysical Journal Letters”də dərc olunub.
Ayın mənşəyi ilə bağlı məşhur hipotezə görə, təxminən 4,5 milyard il əvvəl Yer Mars ölçüsündə Teya adlı protoplanetlə toqquşub. Zərbə Teyanı məhv edib, onun dəmir nüvəsinin əhəmiyyətli hissəsi Yerin daxilinə qərq olub, planetimizin ətrafında isə közərmiş qalıqlardan ibarət halqa əmələ gəlib. Sonradan Ay məhz bu materialdan formalaşıb. Amma elm adamları indiyədək bu prosesin nə qədər davam etməsi barədə mübahisə edirlər. Bəzi modellər göstərir ki, qalıqlardan ibarət halqa kifayət qədər uzun müddət mövcud ola və tədricən bir peyk halında toplana bilərdi. Digər modellər, xüsusən 2022-ci ildə NASA-nın modelləşdirməsi nəticəsində irəli sürülənlər isə daha sürətli ssenariyə - Ayın cəmi bir neçə saat ərzində formalaşmasına imkan verir.
Cənub-Qərb Tədqiqatları İnstitutundan Adin Dentonun rəhbərlik etdiyi komandanın apardığı yeni tədqiqat toqquşmanın nəticəsinin nədən asılı ola biləcəyini anlamağa kömək edir. Araşdırma nəticəsində məlum olub ki, Teyanın temperaturu prosesdə mühüm rol oynayıb. Gənc planetlər formalaşdıqdan qısa müddət sonra müasir planetlərlə müqayisədə əhəmiyyətli dərəcədə daha isti olublar. İsti süxur soyuq süxurdan daha zəif olur və toqquşma zamanı daha asan deformasiyaya uğrayır. Bu isə planetin zərbə zamanı nə qədər enerji və impuls udmasına və onun materialının hansı şəkildə səpələnməsinə təsir göstərir.
Tədqiqatçılar Yer kürəsi və Teyanın daxili təbəqələrinin müxtəlif temperaturları ilə bir sıra simulyasiyalar aparıblar. Əgər toqquşma nisbətən gec, Teya artıq soyumağa - planetlərin formalaşmasından təxminən 100-150 milyon il sonra macal tapdıqda baş veribsə, o zaman Teya daha möhkəm olub. Bu halda Teyanın əhəmiyyətli hissəsi toqquşmadan salamat çıxa, Yerlə qarışa, atılmış material isə halqa əmələ gətirə və Ay həmin halqadan tədricən formalaşa bilərdi. Amma daha erkən toqquşma zamanı vəziyyət dəyişir.
Əgər Teya planetlərin formalaşmasından 60 milyon ildən də az müddət sonra Yerlə toqquşubsa və kifayət qədər isti olaraq qalıbsa, demək olar, tamamilə parçalanmış ola bilərdi. Bu zaman Yerin ətrafında nəhəng həcmdə qalıq əmələ gəlir və peyk bu qalıqlardan son dərəcə sürətlə formalaşa bilərdi.
Tədqiqatçılar modellərdən birində nəhəng toqquşmanın ilkin modellərində istifadə olunanlara yaxın parametrlərdən yararlanıblar. Nəticədə zərbədən təxminən beş saat sonra simulyasiyada artıq formalaşmış Ay meydana çıxıb. Bu, alimlərin real Ayın formalaşmasının dəqiq müddətini təsdiqlədikləri anlamına gəlmir. Söhbət toqquşma zamanı Yerin və Teyanın temperaturundan asılı olan mümkün ssenaridən gedir.
Modelləşdirmə daha bir maraqlı nəticə verir. Hər iki ssenaridə Ay materialının əsas hissəsi Teyanın mantiyasından mənşə alır, halbuki gənc Yerin mantiyasının materialı yalnız kiçik bir hissəni təşkil edir. Bu isə problem yaradır: Ayın tərkibi bir çox cəhətdən Yerin mantiyasının tərkibinə bənzəyir. Əgər peyk həqiqətən əsasən başqa bir planetin materialından formalaşıbsa, bu cür oxşarlıq əlavə izah tələb edir.
İzotop ölçmələri də mövcud modellərin hələ tam şəkildə təkrarlaya bilmədiyi fərqləri göstərir. Buna görə də yeni modelləşdirmə Ayın mənşəyi məsələsini həll etmir, əksinə, tənliyə daha bir dəyişən vəziyyəti - Yerin və Teyanın istilik məsələsini əlavə edir.
Eyni zamanda müasir Ayın fiziki xüsusiyyətləri və saxladığı maddələrin tərkibi toqquşma zamanı Yerin və Teyanın nə qədər isti olması barədə məlumatları qoruyub saxlaya bilər. Bu, elm adamlarına nəzəri olaraq böyük toqquşmanın konkret olaraq nə vaxt baş verdiyini daha dəqiq müəyyənləşdirməyə kömək edə bilər.
Yeni ssenarinin digər planet sistemlərinin öyrənilməsi üçün də nəticələri var. Əgər peyk həqiqətən cəmi bir neçə saat ərzində formalaşa bilirsə, onda gənc Yerəbənzər ekzoplanetlərin ətrafında toqquşmadan sonra əmələ gələn halqaları araşdırmaq praktiki olaraq mənasız ola bilər. Belə halqalar çox qısa müddət mövcud olur və buna görə onu asanlıqla aşkarlamaq mümkün deyil.
Qaz nəhənglərində isə vəziyyət fərqlidir. Onların peykləri nəhəng toqquşma nəticəsində deyil, məhz planetin formalaşmasından sonra qalan materialdan yaranır. Buna görə də müvafiq disklər əhəmiyyətli dərəcədə daha uzun müddət mövcud ola bilər.
Beləliklə, yeni modelləşdirmə təkcə bizim Ayımızın yaranmasının qeyri-adi variantını təklif etmir, həm də belə proseslərin izlərinin digər planetlərin ətrafında niyə bu qədər çətin müşahidə oluna biləcəyinə dair izah verir.