BAKI, 20 noyabr. TELEQRAF
Yeni araşdırmada yarasaların uçuş zamanı görmə qabiliyyətini sabit saxlamaq üçün gözlərini hərəkət etdirdikləri üzə çıxıb. Bu kəşf onların kor olması ilə bağlı 80 ildən artıqdır mövcud olan geniş yayılmış iddianı təkzib edir.
Teleqraf xəbər verir ki, bu barədə “Infobae” yazıb.
Cons Hopkins Universitetinin apardığı araşdırma göstərib ki, yarasalar istiqaməti müəyyənləşdirmək üçün yalnız exolokasiyaya (səs siqnalları göndərərək onların əks-sədasını qəbul etməklə ətraf mühiti müəyyənləşdirmə sisteminə) deyil, həm də görmə və eşitmə qabiliyyətlərinə güvənirlər.
Elm adamları yarasalara hərəkət edən vizual görüntülər göstərərək, onların başlarını hərəkət etdirərkən gözlərinin reaksiyalarını qeydə alıblar. Nəticədə müəyyən edilib ki, yarasalar həqiqətən də hərəkət edən obyektləri izləyən göz reflekslərinə malikdirlər. Amma tədqiqatçılar yarasaların başlarını sağa-sola çevirdikdə gözləri demək olar, hərəkətsiz qalıb. Bu xüsusiyyət digər məməlilərdən ciddi şəkildə fərqlənir. Alimlər ehtimal edirlər ki, belə görmə sistemi uçuş zamanı mürəkkəb akrobatik manevrlərin yerinə yetirilməsi üçün ixtisaslaşıb.
Yarasaların gözləri otolit orqanlarından gələn stimullara güclü reaksiya göstərib. Bunlar daxili qulaqda yerləşən, cazibə qüvvəsini və xətti hərəkəti qəbul edən xüsusi strukturlardır. Bunlar tarazlıq sisteminin bir hissəsidir.
Tədqiqatçılar ehtimal edirlər ki, yarasa hərəkətsiz olduqda gözlərin hərəkətini izləyən sistem passiv vəziyyətdə qalır, uçuş zamanı sürətli və mürəkkəb akrobatik manevrlər etdikdə isə aktivləşir.
“Proceedings of the National Academy of Sciences” jurnalında dərc olunan digər araşdırma da, yarasaların ov zamanı görmə qabiliyyətindən istifadə etdiyini təsdiqləyir. Yarasaların üzərinə yerləşdirilən xüsusi sensorlardan əldə edilən məlumatlar göstərib ki, ətraf mühitdə işıq artdıqda ov zamanı onların exolokasiya siqnallarının tezliyi iki dəfə azalır, səslərinin gücü isə yeddi desibelədək artır.
Bundan əlavə, yarasalar qanadlarını daha intensiv çırpır və daha sürətlə uçurlar. Beləliklə, uçuş sürəti qaranlıqda saatda təxminən 18,7 kilometrdən gündüz işığında 28,4 kilometrə qədər yüksəlir. Güclü işıqlandırma şəraitində ovun yaxalanması isə təxminən 50 faiz daha sürətli baş verir.
Araşdırmanın müəllifi, Orxus Universitetinin elmi əməkdaşı Laura Stidsxolt bunu belə izah edib: “Bu o deməkdir ki, yarasalar əlavə sensor məlumatı kimi kifayət qədər işıq əldə etdikdə ovlarını akustik üsulla izləməkdən daha az istifadə edirlər”.
Leybnits Təkamül Biologiyası İnstitutunun Təkamül Ekologiyası şöbəsinin rəhbəri Kristian Foyt isə qeyd edib ki, həşəratlarla qidalanan yarasalar gecənin ilk saatlarında, xüsusilə alaqaranlıq vaxtı çox fəal olurlar. Ehtimal olunur ki, günün bu vaxtında exolokasiya və görmə qabiliyyətlərini daha səmərəli şəkildə birləşdirirlər.
Yarasalar bir sıra maraqlı xüsusiyyətlərə malik olduqları üçün alimlərin diqqətini çəkirlər. Bu heyvanlar insanların mübarizə aparmaqda çətinlik çəkdiyi bəzi viruslara, o cümlədən Ebolaya qarşı davamlıdırlar. Bundan başqa, təbiət aləmində nadir hallarda rast gəlinən xüsusiyyətlərdən biri kimi, yarasalar 40 ilədək yaşaya bilirlər.