BAKI, 12 noyabr. TELEQRAF

Qarşıdakı illərdə dünyanın xəritəsi tamamilə dəyişə, Atlantik okeanı yox ola, bütün materiklər isə yenidən birləşərək vahid nəhəng quru sahəsi yarada bilər.

Teleqraf xəbər verir ki, bu barədə “Il Messaggero” yazıb.

Geoloqlar Yer kürəsinin gələcəyi ilə bağlı dörd mümkün ssenarini modelləşdiriblər. Bu ssenarilərdən birinə əsasən, yeni supermaterikin mərkəzi əraziləri həddindən artıq isti və quraq ola bilər.

Alimlər xatırladıblar ki, 200 milyon il əvvəl bütün müasir materiklər vahid Pangeya supermaterikini təşkil edirdi. Sonradan bu materik parçalandı, onun hissələri bir-birindən uzaqlaşaraq indiki qitələri və okeanları formalaşdırdı. Amma tektonik plitələrin hərəkəti bu gün də davam edir. Alimlərin proqnozlarına görə, təxminən 250 milyon ildən sonra materiklər yenidən birləşə bilər. Almaniyanın Geofizika Elmləri üzrə Tədqiqat Mərkəzinin geoloqu Hanna Devisin sözlərinə görə, gələcək supermaterik Pangeyaya bənzəyə bilər.

ABŞ-nin Ohayo Universitetinin geologiya professoru Demian Nens də yeni vahid quru sahəsinin yaranmasını demək olar, qaçılmaz hesab edir. Bununla belə, onun dəqiq nə vaxt formalaşacağı və hansı coğrafi ərazidə yerləşəcəyi hələlik məlum deyil.

Alimlər yeni supermaterikin formalaşması ilə bağlı dörd əsas ssenarini nəzərdən keçirirlər.

Aurika - Sakit və Atlantik okeanları tədricən yox olacaq, materiklər isə ekvator ətrafında birləşəcək.

Amasiya - Antarktida istisna olmaqla, demək olar, bütün materiklər Şimal qütbü ətrafında birləşəcək. Antarktida isə onlardan ayrı qalacaq.

Yeni Pangeya - Atlantik okeanı genişlənməkdə davam edəcək, Sakit okean isə tədricən yox olacaq. Nəticədə materiklər planetin əks tərəfində toqquşaraq birləşəcək.

Pangeya Ultima - Atlantik okeanı yox olacaq, materiklər isə onun hövzəsi ətrafında birləşərək qədim Pangeyaya bənzəyən nəhəng quru sahəsi yaradacaq.

Materiklərin birləşməsi yalnız coğrafiyaya deyil, həm də planetin iqliminə təsir göstərəcək. Xüsusilə Pangeya Ultima formalaşacağı təqdirdə son dərəcə sərt iqlim şəraitinin yaranacağı proqnozlaşdırılır.

Kompüter modelləşdirməsinin nəticələri göstərib ki, belə bir supermaterikin daxili əraziləri həddindən artıq isti və quraq ola bilər. Bunun səbəbi həmin ərazilərin okeanlardan uzaqda yerləşməsi olacaq. Nəticədə rütubətli dəniz havasının materikin daxili hissələrinə nüfuz etməsi çətinləşəcək. Güclü vulkanik aktivlik də əlavə təsir göstərə bilər.

Demian Nensin fikrincə, supermateriklərin daxili hissələrində yaşayış mühiti kifayət qədər sərt ola bilər. Bununla yanaşı, alim qeyd edib ki, qədim Pangeyanın iqlim şəraiti dinozavrların və məməlilərin təkamülündə müəyyən rol oynamış ola bilər.

Materiklərin yerdəyişməsi Yer qabığının altında yerləşən, mantiyanın üzərində hərəkət edən tektonik plitələrin fəaliyyəti nəticəsində baş verir. Mantiya Yer qabığının altında yerləşən, isti və yarımbərk süxurlardan ibarət təbəqədir. Bu proses planetin daxili istiliyi hesabına davam edir. Daxili istilik mantiyada maddələr dövranına səbəb olur. Məhz bu proses tektonik plitələri hərəkətə gətirir və materiklərin, eləcə də okeanların konturlarını tədricən dəyişdirir.

Hanna Devisə görə, Yer kürəsi mövcud olduğu bütün tarix ərzində artıq 4-5 supermaterikin yaranması və parçalanması dövrünü yaşayıb. Ümumilikdə belə dövrlərin sayı 7-yə çata bilər.